DataLife Engine > Məqalələr > Məqalə

Məqalə


27 Yanvar 2012. : Milli
Məqalə
Mənasız haray-həşir və ya iki yalançının üzləşməsi


Qondarma "erməni soyqırımı"nın danılmasının cinayət sayılması ilə bağlı Fransa Senatında qəbul edilmiş qərar Avropa parlamentarizmi ilə yanaşı, dünya hüquq praktikasındakı ən paradoksal və hətta absurd qərarlardan biri sayıla bilər.

Söz yox, bəşər tarixində indiyədək çox sarsaq qanunlar olub və belə məntiqdən kənar "məhsul"ların sadalanması xeyli vaxt aparardı. Lakin Avropa konstitusiyalı cəmiyyət anlayışının beşiyi sayılan, demokratiyası və insan haqları ilə fəxr edən, ən başlıcası isə tarixinə həddən ziyadə həssaslıqla yanaşan Fransada belə sapmanın yol veriləcəyi gözlənilməz, eyni zamanda da - qəribə deyil - gözləniləndir.

Fransa Senatı yox, indi bütün ölkə siyasi isteblişmenti seçkilərlə bağlı mövqelərini nizamlayır və bununla bağlı bütün addımlar da əvvəlcədən hesablanır.
Ölkə iqtidarında olan, prezident Nikolya Sarkozinin başçılıq etdiyi "Xalq Hərəkatı İttifaqı" (Union pour un mouvement populaire, UMP) Partiyasının ikinci rəsmi adı "Prezident Çoxluğu uğrunda İttifaq"dır (Union pour la majorité présidentielle).

Yəni bu partiyanın ən mühüm və önəmli məqsədi parlamentdə prezidenti dəstəkləyən qüvvələrin çoxluğunun təminatı, Sarkozinin indiki situasiyaya tam nəzarətinin təminatı və ən başlıcası, qarşıdan gələn seçkilərdə ölkədəki seçicilərin çoxunun məhz UMP-yə səs verməsinə nail olmaqdır.
Dava seçici rəğbəti, səs və dəstək davasıdır. Fransada senatorları ilə yanaşı, seçkilərə qatılan bütün siyasətçilərin yorğanının da siyasi iplərlə sarıldığını nəzərə alsaq, Fransa Senatında günlərin birində Alyaskada yaşayan aleutların hüquqlarının müdafiəsi və ya qədim Spartanın aqressiv müdafiəsi ilə qarşılaşmış Lidiyanın tarixindəki çətin məqamların qətiyyətlə qınanması ilə bağlı qanun layihələri səsverməyə çıxarılarsa, buna təəccüb etməməliyik.

Fransada on minlərlə erməni yaşayır və o ermənilərin də seçkilərdə kimə səs verəcəyi senatorlarla yanaşı, Parisin ən yoxsul məhəllələrindən birindəki qotur məhəllə prefektinin maraqları dairəsindədir.
Bu, öz yerində.

Fransa Senatının davranışının digər məqamı həm də Ermənistanla münasibətlərin sıxlaşdırılıb intensivləşdirilməsidir ki, hayları ələ almaq üçün onların qondarma iddialarının dəstəklənməsindən yaxşı addım düşünmək bir qədər çətindir.
Avropanın geosiyasi müstəvisində Fransa-Türkiyə münasibətlərinin bundan sonra hansı məcrada olacağı çox önəmli məsələ olsa da, bizi indi maraqlandıran sırf Ermənistanın davranışı, durumu və Parisdəki senatorların qərarından sonra Yerevandakı eyforiyanın nə ilə başa çatacağı ehtimallarıdır.

Ermənistan prezidenti Serj Sarkisyanın iqtidarı Parisdə senatorların qərarını az qala Yerevanın xarici siyasətinin möhtəşəm uğurlarından biri kimi qələmə verir, ölkənin dövlət müstəqilliyi qazandığı gündən bəri erməni diplomatiyasının nail olduğu ən ciddi nailiyyət qismində vətəndaşlara təqdim edir. O, hətta Fransa prezidenti Nikola Sarkoziyə təşəkkür məktubu da yollamaqla dividentlərin gerçəkdən də, böyük olduğunu vurğulamağa çalışır.
Fəqət, Sarkisyan bəlalı ağıl sahibi olduğundan, aşağı intellektual səviyyəsi ucbatından Fransa Senatının qərarının Ermənistanın xeyrinə yox, zərərinə yönəlmiş məsələ olduğunu anlamır və əslində, anlaya da bilməz.

Senatorlar Fransanın Yaxın və Orta Şərqdə ən önəmli geosiyasi oyunçu olan Türkiyə ilə münasibətlərini çox uzun müddətə korlamaqla yanaşı, Ermənistanın Cənubi Qafqazdakı mövqelərinə, xüsusilə də Dağlıq Qarabağla bağlı münaqişənin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlardakı onsuz da bərbad durumuna ağır təpik zərbəsi vurublar.
Çünki ATƏT-in Minsk Qrupunun həmsədrlərindən və Qarabağ münaqişəsinin çözülməsində münaqişə tərəfləri arasında vasitəçilərdən biri olan Fransanın erməni uydurmalarını heç bir tarixi əsası olmadan "tarixi fakt" saymaları fransız diplomatiyasının sırf Cənubi Qafqaz və Ön Asiya bölgəsi ilə bağlı məsələlərdə qərəzli olduğunu aydın şəkildə ortaya qoydu.

Ermənilərin absurd iddialarını dəstəkləyən senatorlar bundan sonra necə və hansı minvalla rəsmi Parisin Cənubi Qafqazda obyektiv siyasət yürüdərək Qarabağ münaqişəsinə cəlb olunmuş tərəflərlə bərabərməsafəli münasibətlər saxlamağa çalışdığını sübut edəcək - bəlli deyil.

Ermənistan son 20 ildə həmişə olduğu kimi, bu dəfə də müstəqil dövlət yox, hamilərinin və süzerenlərinin idarəsində olan məkan, bu ölkənin hakimiyyəti də ipləri çox uzaqlardan dartılan manekenlər yığnağı olduqlarını göstərmiş oldular.
Serj Sarkisyan iqtidarı indi ölkədəki vəziyyətlə əsla uyuşmayan və bağlı olmayan bir hadisədən eyforiyaya düşərək ağzıköpüklü çıxışlar edir, qalib gəldiklərini deyir.

Doğrudur, onlar qalib gəliblər: lakin yalnız özlərinə, gələcəklərinə. Məğlubiyyətə düçar olan məqamlar isə Ermənistanın yaxın onilliklərdə demokratik dövlətə dönəcəyi, bu ölkədə insan haqları və demokratik dəyərlərə əsaslanan cəmiyyətin bərqərar olması ümidləri, vətəndaşların çox ağır iqtisadi-sosial problemlərinin nə zamansa çözüləcəyi ilə bağlı gözləntiləridir.
Serj Sarkisyan iqtidarı ilə yanaşı, Fransa Senatının qərarını haray-həşirlə bayram edən Ermənistan müxalifətində zərrə qədər praqmatik düşüncə olsaydı, uydurma iddiaları legitimləşdirmək cəhdlərinin ölkənin yaxın perspektivində hansı bəlalara səbəb ola biləcəyini dərk edərdilər.

Lakin çifayda - Sarkisyanın hakimiyyət komandası və müxalifət ortaq maraq nöqtəsi taparaq boşboğaz iddialarla siyasi demaqogiyanı konkret politməhsul kimi qələmə verir, bundan sonra nələrin olacağını hesablamağa çalışır, Ermənistanı gözləyəcək nəzəri uğurları çeşidləməyə can atırlar.
Fransadakı erməni lobbisinin kosmik zəfəri təki təbliğ olunan bu marazmatik qərar, eyni zamanda, Ermənistanda normal müxalifətin formalaşması imkanlarını da praktiki olaraq heçə salır, amansızlıqla dezavuasiya edir. Axı belə millətçi, şovinist və ən mühümü - tarixin saxtalaşdırılaraq ağın qara, qaranın da ağ kimi qələmə verilməsinə söykənən isteriya şəraitində hansısa siyasətçinin ortaya çıxaraq primatların düşüncəsi səviyyəsindəki hayqırtılara son qoyulmasını tələb etməsi, Ermənistanın qonşularla dinc yaşam şəraitini seçərək normal siyasətə üstünlük verməsinin gərəkdiyini deməsi mümkünsüz, müşkül işə çevrilib. Belə bəyanatla çıxış edə biləcək şəxs hazırda faktiki olaraq siyasi intiharına imza atmış olardı.

Ermənistanın sabiq prezidenti, Erməni Milli Konqresinin sədri Levon Ter-Petrosyan yaranmış şəraitdə ağıllı addım ataraq Fransa Senatının qərarının əslində erməniləri normal inkişaf perspektivlərindən məhrum edən addımlardan biri olduğunu desəydi, onun adekvat siyasətçi olduğunu söyləyə bilərdik. Amma ölkədəki bütün siyasətçilər təki, Ter-Petrosyan da şovinist klişelər, mağara millətçiliyi səviyyəsindəki ştampların əsiridir və o, mütləq türklərin düşmən olduğunu deyərək siyasi xal toplamağa, tərəfdarlarını itirməməyə çalışımalıdır.
Belə şəraitdə Ermənistanda bu ilin baharında keçiriləcək parlament seçkiləri iqtidarla müxalifətin siyasi mübarizəsinin növbəti mərhələsi yox, Sarkisyanın həyasızcasına yalan danışan komandası ilə erməni müxalifətinin iqtidarla müqayisədə nisbətən, mikroskopik səviyyədə az yalan danışan təmsilçiləri arasındakı söz savaşı olacaq.

İki yalançının mübarizəsindən biçarə Ermənistan vətəndaşlarının nə isə qazanması eynən ermənilərin saxta iddiaları təki boş və puç məsələdir.
Yalan, hədyan, mənasız və əsassız iddialar, psixiatrik müayinə predmeti olacaq ambisiyalar və istəklər üzərində qurulmuş siyasətin, ideologiya və idarəetmə sisteminin normal dövlətçilik konstruksiyasına çevrilməsi mümkün deyil.
Ermənilər bunun əksinə çalışa bilər, Fransadakı senatorlar istədikləri qədər qanun və qərar qəbul edər - amma daş qanad açıb uçmadığı kimi, sarsaq iddialar da heç zaman tarixi fakt və həqiqət olan deyil.

Hələ ki, Ermənistanın hakimiyyət dairələri eyforik haray-həşiri gücləndirərək ictimai diskursu konkret problemlərin və fəlakət səviyyəsinə çatmış böhranların həlli yollarının aranması müstəvisindən emosional bağırtılar səviyyəsinə keçirir.
Lakin nə vaxtadək…

Novruz Sultanov