DataLife Engine > Tədbirlər > Tədbir
Tədbir26 Yanvar 2012. : Milli |
|
Başın sağ olsun vətən Suraxanı rayonu 331 saylı uşaq bağçasında qanlı 20 yanvar gününə həsr olunan tədbir keçirilib 19 yanvar 2012-ci il tarixində Suraxanı rayonu Zığ qəsəbəsində yerləşən 331 saylı uşaq bağçasında xalqın yaddaşına qara hərflərlə yazılmış 20 yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə ilk əvvəl Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Daha sonra "Məktəbəqədər hazırlıq" qrupunun uşaqları həmin günlə əlaqədar müxtəlif səhnəciklər göstərdilər və şeirlər səsləndirdilər. Tədbirdə şagirdlər də iştirak edirdilər. 65 saylı orta məktəbin 7-ci sinif şagirdi Abdullayeva Sünbül və 331 saylı uşaq bağçasının müəlliməsi Kəmalə Rzayeva də bu günlə bağlı müxtəlif şeirlər səsləndirdilər. Söz ilk öncə Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə xanıma verildi. "Hamımızın başı sağ olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu cür gözəl bağçanın müdirəsi, hörmətli Kəmalə xanım, sizə çox təşəkkür edirəm ki, 20 yanvar günü ilə əlaqədar bu cür gözəl tədbir təşkil etmisiniz. Allah bütün bu balalarımızı saxlasın və onlar da böyüyüb vətənin qulluğuna getsinlər. Vətənə olan borclarını layiqincə yerinə yetirsinlər, ancaq sağ-salamat evlərinə qayıtsınlar. Çox sağ olun bir daha." Sonra çıxış edən Milli Qəhrəmanlarların Təbliğinə Dəstək Respublika Birliyi idarə heyətinin sədri Mirbəşir Seyidzadə bildirdi ki, 20-yanvar günü nə qədər dəhşətli olsada xalqımızın müstəqilliy yolunda mücadilə etdiyi ən şərəfli gündür, 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə Rusiya imperiyasının Azərbaycan xalqına qarşı etdiyi təcavüz nəticəsində yüzdən artıq şəhid, yüzlərlə günahsız insanlarımız ömürlük əlil və şikəst oldular. Buna baxmayaraq azadlıq və müstəqillik eşqi ilə döyünən qəlbləri nə tanklar, nə də ki, gülləbaran susdura bilməzdi. Çünkü bu Azərbaycan xalqının illərlə həsrətini çəkdiyi müstəqil dövlət quruculuğunun başlanğıcı idi. Bu mübarizədə Azərbaycan xalqı tarixi bir qələbəyə nail oldu. Bu qələbə isə ən başlıcası müstəqil dövlətçiliyimiz oldu. Mirbəşir müəllim çıxışına davam edərək bildirdi ki, bu gün Vətənə sədaqət andı içən bu fidan balalar, həmin vaxtlar tökülən qanlar hesabına yaranmış müstəqil dövlətimizin övladları və bu dövləti qoruyub saxlayaraq bizlərə əmanət qoyan Ulu Öndər Heydər Əliyev irsini davam etdirənlərdir. Mirbəşir müəllim bu gözəl körpələr evində yaradılmış şəraitə və Milli Qəhrəmanlara həsr edilən güşəyə görə direktor Kəmalə xanıma təşəkkürünü bildirdi. Daha sonra isə söz uşaq bağçasının direktoru Kəmalə xanıma verildi. "Hörmətli qonaqlar hamınıza çox sağ olun deyirəm əziyyət çəkib tədbirimizə gəldiyiniz üçün. Məndə hamımızın başı sağ olsun deyirəm. Sağ olun." Sonda tədbir iştirakçıları Milli Qəhrəmanların Təbliğinə Dəstək Respublika Birliyi idarə heyətinin sədri Mirbəşir Seyidzadə tərəfindən bağçaya hədiyyə edilən Milli Qəhrəmanların şəkillərindən ibarət guşəyə baxdılar. Bununla da 20 yanvara həsr olunmuş tədbir sona çatdı. Şahmurad Abdullayev "Milli Qəhrəman" qəzeti |